Logo

Professor Cəfər Cəfərovun Novruz bayramı təbriki

20.03.2022 13:43 938 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun Novruz bayramı münasibətilə ADPU-nun kollektiv və tələbə heyətini təbrik edib.

Tehsil.biz xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmkarlar, əziz tələbələr!

Sizi xalqımızın ən əziz və qədim bayramlarından biri – təbiətin və ruhun yenilənməsinin simvolu, sülh, barış və firavanlığın təcəssümü olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, əmin-amanlıq, elmi-pedaqoji fəaliyyətinizdə, təhsilinizdə və şəxsi işlərinizdə yeni-yeni uğurlar arzulayıram!

Əsasən yaxın şərq ölkələrində, xüsusilə türk xalqlarında, o cümlədən də Azərbaycanda təntənəli şəkildə qeyd olunan Novruz bayramı xalqımızın özü kimi qədim tarixi köklərə malik olub onun mənəvi dünyasının, zəngin mədəniyyətinin parlaq güzgüsüdür. Uzun tarixi dövr ərzində müxtəlif siyasi təzyiq və qadağalara, mədəni basqılara məruz qalsa da, Novruz düşüncəsi və ənənələri xalqın yaddaşında daim yaşamış, günümüzə qədər gəlib çatmışdır.  

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev yenidən mədəniyyətin bütün sahələrinin inkişafına, milli-mənəvi dəyərlərimizin, mütərəqqi adət-ənənələrimizin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət ayırdı. Bunun sayəsində Novruz bayramı da yeni status qazandı və dövlət səviyyəsində rəsmi olaraq geniş miqyasda qeyd edilməyə başlandı. İndiki dövrdə də xalqımızın mədəniyyətinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı qayğısı ilə Novruz ölkəmizdə ümumxalq bayramı kimi həmişə yüksək təmtəraqla keçirilir. Təqdirəlayiqdir ki, UNESCO və İCESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun ümumdünya qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT Baş Assambleyası 21 martı “Beynəlxalq Novruz Günü” elan etmişdir. 

Nəcib Novruz ənənələri içərisində bir-birini ziyarət etmək, bayramlaşmaq, küsülülüyü aradan götürüb həmrəy olmaq kimi ümumbəşəri ülvi dəyərlər bizə bir fürsət də yaradır ki, əl-ələ verərək cəmiyyətimizi səfərbər edək, xalqımızın birliyini daha da möhkəmləndirək. Çünki bizi qarşıda dövlətimizin inkişafı, düşmən tapdağından azad olunmuş Qarabağımızın bərpası yolunda böyük və məsul vəzifələr gözləyir. Bayram günlərində, eyni zamanda, bu cənnət Vətənin bütövlüyü naminə tarixi Zəfərimiz uğrunda canından keçən igidlərimizin – müqəddəs Şəhidlərimizin xatirəsini ehtiramla anaq, ailələrini ziyarət edək, onlarla həmrəy olaraq övladlarının bir deyil, artıq on milyon olduğunu nümayiş etdirək. Bununla da birliyimizə, gənclərimizin vətənpərvərlik tərbiyəsinə bir daha öz töhfəmizi verək.

Bu baxımdan müəllimlərimizin rolu olduqca böyükdür. Cəmiyyətin gələcəyi olan gənclərin yetişməsində dəyərli əmək sərf edən ADPU kollektivini – bütün müəllim və həmkarlarımızı, habelə sabahın müəllimlərini və ixtisaslı mütəxəssislərini bir də əlamətdar bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, səadət və bol ruzi-bərəkət, işlərinizdə yeni nailiyyətlər arzu edirəm!

Bayramınız mübarək!"

Xəbər lenti